Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda bir sıra görüşlər keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, İ.Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.
“F. van Houten Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğuladı”, - məlumatda deyilir.
Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.
Həmçinin İ.Əliyev “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.
“Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Mastercard”dan geniş istifadə edildiyini deyən T.Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğuladı”, - məlumatda qeyd olunur.
İ.Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirdi.
O cümlədən, president “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.
“Görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edildi. Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulandı. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirildi”, - məlumatda vurğulanır. **
A.Əzizov