2017-ci ilin yanvar-noyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 47 mln. 781,8 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 4,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yüklərin 11 mln. 861,3 min tonu və ya 24,8%-i dəmir yolu nəqliyyatı, 29 mln. 275,5 min tonu və ya 61,3%-i avtomobil nəqliyyatı, 6 mln. 645 min tonu və ya 13,9 %-i dəniz nəqliyyatının payına düşüb.
2017-ci ilin yanvar-noyabr aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 9 mln. 142,5 min ton və ya 19,1% tranzit yüklərin payına düşüb. 2016-cı ilin 11 ayının göstəricisi ilə müqaysədə artım 33,1% təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova