2017-ci ildə Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi 2016-cı ilin göstəricisi ilə müqayisədə 18% - 10 mln. 769,2 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 10 mln. 141,1 min ton və ya 94,2% beynəlxalq tranzit yüklərin, 5,8% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2016-cı illə müqayisədə 18,7% artıb”, - deyə məlumatda bildirilir.
2016-cı ildə Azərbaycanın dəniz limanlarında 9 mln. 125,9 min ton yük emal edilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsinə tikilən yeni Bakı Beynəlxalq Dəmiz Limanının bərə terminalı istifadəyə verilib.**
N.Abbasova