2018-ci ilin mart ayının ortalarında Kiyevdə Azərbaycan Ticarət Evi açılacaq. Bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
“Martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evi açılışını planlaşdırırıq. Kiyevin mərkəzində yer tapmışıq və hazırda bu məsələ rəsmiləşdirilmə mərhələsindədir. Paralel olaraq müvafiq fəal təmir işləri aparılır”, - A.Xudiyev “Ukrinform”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ticarət Evində Azərbaycanın istehsal etdiyi məhsulların sərgisi təşkil olunacaq, ixrac və idxalı koordinasiya ediləcək. “Həmçinin, bazarın təhlilini araşdıracaq. əməkdaşlığın prioritet istiqamətləri müəyyən ediləcək, Azərbaycan şirkətlərinə hüquqi məsləhətlər veriləcək”, - səfir qeyd edib.
A.Xudiyev vurğulayıb ki, Azərbaycan Ticarət Evi “ölkənin bütün biznesinin əlaqələndirilməsi üçün yaxşı platforma olacaq”. “Orta Asiya və İran bazarlarına ixraca ehtiyacı olan çox sayda maraqlı Ukrayna layihələri və məhsullar var. Lakin bir sıra səbəblərdən bu mümkün deyil. Düşünürəm ki, Azərbaycan və bu yaxınlarda açılışını etdiyimiz Bakı Beynəlxalq Ticarət Limanı vasitəsilə bu imkanların reallaşdırılması tamamilə mümkündür”, - o bildirib.
A.Xudiyev qeyd edib ki, bu cür layihələr və tədbirlər sayəsində Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsini $1 mlrd.-a çatdırmaq mümkündür. **
B.Rüstəmbəyov