Azərbaycan Müdafiə Nazirliyi Qarabağ münaqişəsi zonasında Talış kəndində yaşayış evlərinin tikintisnə dair Ermənistan tərəfinin məlumatını təkzib edir.
Xəbər verildiyi kimi, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu əks-həmlə nəticəsində Talış kəndi ətrafında əsas yüksəklikləri ələ keçirib. Erməni mülki əhali aprel döyüşləri zamanı həmin yaşaylş məntəqəsini tərk edib.
“Talış kəndi ətrafındakı azad edilmiş yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı erməni tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və cari ilin mart ayında prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır.
Həmçinin nazirlikdən təqdim edilən foto faktlarda Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir və burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. “Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil. Aprel döyüşlərindən sonra Talış kəındində tikinti işləri aparılmır. Onlar cəbhə xəttindən çox uzadqadır”, - nazirlikdən qeyd ediblər. **
F.İsazadə