Azərbaycan və Hindistan ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalamağı planlaşdırır. Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.
“Əsas məqsədimiz qeyri-neft sektorunda əməkdaşlığımızı inkişaf etdirməkdir. Hindistan əczaçılıq sahəsində çox güclüdür. Azərbaycan hökuməti texnologiyada, aqroparklarda investorlar üçün çoxlu imkanlar yaradır. Hindistan şirkətləri buna maraq göstərir. Hər iki tərəf ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilə üzərində işləyir. Bu saziş qarşılıqlı investisiya imkanlarını yaxşılaşdıracaq”, - S.Rana “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2017-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 550 mln. ABŞ dolları olub. Bunun $100 mln.-u Hindistandan Azərbaycana, $450 mln.-u isə Azərbaycandan Hindistana ixrac edilən məhsullardır.
“Azərbaycan və Hindistan nəqliyyat, əczaçılıq, bərpaolunan enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün yaxşı imkanlara malikdir”, - səfir əlavə edib. **
B.Rüstəmbəyov