Baş prokuror Zakir Qaralov əmindir ki, azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarıtərəfindən obyektiv araşdırma aparılacaq.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Z.Qaralov Azərbaycan vətəndaşı Ülviyyə Şamilqızının ölümü ilə bağlı Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.
“Müraciətdə həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub”, - deyə məlumatda bildirilir.
Müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.*
F.İsazadə