“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin xarici və milli valyutada depozitlərinin uzunmüddətli reytinqlərini Caa1 səviyyəsindən B3 səviyyəsinədək yüksəldib. Bu barədə agentliyin məlumatında deyilir.
“Moody`s”, həmçinin baza kredit qiymətləndirilməsinin reytinqini caa3 səviyyəsindən caa2 səviyyəsinə, kontragent uzunmüddətli riskinin qiymətləndirilməsini isə B3(cr) səviyyəsindən B2(cr) səviyyəsinə qaldırıb. Borc reytinqləri üzrə proqnoz pozitivdir.
“Bu qiymətləndirmə ABB-nin restrukturizasiya prosesinin başa çatmasını və bankın kapital mövqelərinin bərpa olunaraq minimal normativ tələblər səviyyəsini ötməsini əks etdirir. Bundan başqa, reytinq pis aktivlərin satışından sonra kredit portfelinin keyfiyyətinin yaxşılaşmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
2018-ci ilin əvvəlinə bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8% təşkil edir.
Məlumatda qeyd olunur ki, açıq qısa valyuta mövqeyi 3,2 mlrd. təşkil edir ki, bu da birinci dərəcəli kapitalın həcmindən 5 dəfə çoxdur. Bu isə manatın devalvasiyası nəticəsində bankın müəyyən zərərə uğramasına səbəb ola bilər.
Agentlik vurğulayır ki, ABB-nin kredit portfeli 1,8 mlrd. manat və ya 2017-ci ilin sonuna bankın aktivlərinin ümumi həcminin 21%-ni təşkil edir.
“Moody`s” hökumət tərəfindən ABB-yə potensial dəstəyin yüksək olması qənaətindədir. "Bu, hökumətin bankın kapitalının 95%-nə nəzarət etməsi ilə əlaqədardır", - deyə məlumatda bildirilir.
ABB-nin aktivlər üzrə payı əvvəlki kimi yüksəkdir, yəni 31% təşkil edir.*
A.Əzizov