"Buta Airways" 2018-ci il mayın 15-dən Bakı-Alanya marşrutu üzrə birbaşa reyslərin yerinə yetirilməsinə başlayacaq. Bu barədə haberalanya.com.tr internet nəşri Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğluna istinadən məlumat verir.
XİN başçısı bildirib ki, ötən həftə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezidenti və Alanya-Qazipaşa hava limanının idarəçiliyini həyata keçirən TAV şirkətinin əməliyyatlar üzrə vitse-prezidenti arasında danışıqlar aparılıb.
«Tərəflər kommersiya məsələləri ilə bağlı artıq razılığa gəlib və yaxın vaxtlarda reysin açılmasına dair saziş imzalanacaq. Uçuşlar “Buta Airways” tərəfindən 15 may 2018-ci il tarixindən yerinə yetiriləcək», - deyə məlumatda qeyd olunur.
M.Çavuşoğlunun sözlərinə görə, uçuşlar oktyabrın sonunadək həftədə 3-4 dəfə həyata keçiriləcək.
Məlumatda bildirilir ki, M.Çavuşoğlu 2017-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı Bakı-Alanya birbaşa reysinin açılması təşəbbüsünü irəli sürüb. 2017-ci il noyabrın 11-də Azərbaycan tərəfindən bu məsələ ilə bağlı müsbət cavab alındıqdan sonra AZAL və TAV arasında danışıqlar başlayıb.*
N.Abbasova