2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına $231 mlrd. məbləğində investisiya qoyulub. Bunu prezident İlham Əliyev deyib.
"Son 14 il ərzində Azərbaycan iqtisadiyyatına $231 mlrd. investisiya qoyulub. Bu dövrdə ölkənin valyuta ehtiyatları 23 dəfə – $42 mlrd.-a qədər, ÜDM isə 3,2 dəfə artıb", - deyə o, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Dövlət başçısının sözlərinə görə, son 14 il ərzində regionların inkişafına dair 3 dövlət proqramının reallaşdırılması çərçivəsində Azərbaycanda 30 elektrik stansiyası tikilib, respublika elektrik enerjisinin ixracatçısına çevrilib. Bundan başqa, regionlarda 4 su anbarı, 4 hava limanı inşa edilib, 13 min km uzunluğunda avtomobil yolları salınıb, qazlaşdırmanın səviyyəsi 93%-ə çatıb, su təchizatı, irriqasiya sistemi yaxşılaşıb.
İ.Əliyev əlavə edib ki, hazırda Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti sabitdir.
A.Əzizov