Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2018-ci ildə Rusiyaya pomidor ixracı ilə bağlı problemlərin olmayacağı qənaətindədir.
"Ötən il Azərbaycan pomidorlarının Rusiyaya ixracı ilə bağlı müəyyən çətinliklər yaranmışdı. Bu, ilk növbədə Türkiyə pomidorlarının RF-yə ixracının qadağan edilməsi ilə əlaqədar idi. Lakin Rusiya tərəfi keçən il əmin oldu ki, ölkəyə ixrac olunan pomidorlar Türkiyə pomidoru deyil», - deyə o, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı müzakirələr zamanı bildirib.
Komitə sədri xatırladıb ki, 2017-ci ildə Rusiya tərəfi ilə Azərbaycan pomidorlarının RF-yə ixracı məsələsi ilə əlaqədar dəfələrlə görüşlər keçirilib.
«Biz sübut etdik ki, Türkiyə pomidorlarını Rusiyaya ixrac etmək Azərbaycan üçün ilk növbədə iqtisadi cəhətdən sərfəli deyil. Düşünürəm ki, ötən il keçirdiyimiz görüşlərdən sonra ixracla bağlı problem olmayacaq, problemlər yarandığı halda isə onları həll etməyə hazırıq", - deyə A.Əliyev qeyd edib.*
N.Abbasova