Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 18-də Krakovda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məntiqi danışıqlar aparıblar. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
«ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması məsələsi bilavasitə substantiv və məntiqi danışıqlardan asılı köməkçi vasitədir. Krakovda münaqişənin həlli ilə əlaqədar çox məntiqli danışıqlar aparılıb”, - deyə o, Ermənistan XİN başçısının bəyanatını şərh edərkən bildirib.
XİN rəsmisinin sözlərinə görə, məsələlərin dərin mahiyyətinə bələd olan şəxslər bilirlər ki, onun dedikləri reallıqdan tamamilə kənardır. Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti, yoxsa erməni xalqını aldatmağa cəhd göstərdiyini başa düşmək çox çətindir. Onun çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyildir.
H.Hacıyev əlavə edib ki, bu kimi çıxışları gördükdə Ermənistanın nəyə görə mövcud siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olduğunu anlamaq çox asandır. “Erməni xalqı özü kimlərin ölkə rəhbərliyində olduğunu görüb nəticə çıxarmalıdır”, - deyə nazirliyin sözçüsü vurğulayıb.*
A.Əzizov