Salyan rayonunda ümumi dəyəri 96,9 mln. manat olan istixana kompleksinin tikintisinə başlanılıb. Bu barədə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.
“Rayonun Kürsəngi kəndi ərazisində 50 hektar torpaq sahəsində “GP ALPHA GREEN HAUSE” MMC tərəfindən ümumi dəyəri 96,9 mln. manat olan istixana kompleksinin tikintisinə başlanılıb. Artıq 5 hektar sahədə istixana kompleksinin tikintisi başa çatıb və ilk məhsul istehsal olunub”, - deyə o, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Bundan başqa, rayonda illik layihə gücü 12 mln. yumurta olan damazlıq quşçuluq təsərrüfatı yaradılıb. Görülmüş tədbirlər nəticəsində layihə dəyəri 25 mln. manat olan 18 quşçuluq ferması tikilib.
“Salyan Qida Məhsulları Kommersiya Şirkəti tərəfindən müasir tələblərə cavab verən yeni pivə və limonad istehsalı zavodu tikilib. İllik istehsal gücü 14,6 min ton olan zavodun tikintisinə 8 mln. manat investisiya qoyulub. Ümumiyyətlə isə 2017-ci ildə rayonda özəl investisiya hesabına sənaye, kənd təsərrüfatı, iaşə, emal və istehsal sahələri üzrə 51 layihənin icrasına 170 mln. manat investisiya yatırılıb”, - deyə S.Hətəmov qeyd edib.*
B.Rüstəmbəyov