Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə yeni saziş çərçivəsində $450 mln. məbləğində ilk bonusu əldə edib. Bu barədə Fonddan məlumat verilir.
“Yeni sazişin şərtlərinə əsasən, 2018-2025-ci illərdə ARDNF $3,6 mlrd. (illik $450 mln. - İF) bonuslar şəklində əldə edəcək. 29 yanvar tarixində ARDNF-yə 450 ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib”, - məlumatda qeyd olunur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilə qədər sərmayələr $43 mlrd. həcmində qiymətləndirilir. Neft hasilatının həcmi 500 mln. tondan artıq səviyyədə planlaşdırılır. **
N.Abbasova