Azərbaycan və Türkmənistan prezident İlham Əliyevin Aşqabada səfəri çərçivəsində sənədlər paketi imzalamağı planlaşdırır. Bu barədə Türkmənistanın Dövlət Informasiya Agentliyi məlumat yayıb.
Türkmənbaşı şəhərində Türkmənistan və Azərbaycan nümayəndə heyətlərinin iştirakı ilə işçi görüşü keçirilib. Əsas sahələr üzrə tərəfdaşlığın aktual istiqamətləri müzakirə olunub. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinin bu səfəri işgüzar xarakterli olmaqla Türkmənistan prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların praktik olaraq reallaşdırılması kontekstində, o cümlədən Azərbaycan prezidentinin Türkmənistana səfərinə hazırlıq məqsədilə həyata keçirilir.
«Prezident İlham Əliyevin Türkmənistana səfərinə böyük əhəmiyyət verilir. Səfər zamanı Türkmənistan-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mühüm sənədlər paketinin imzalanması planlaşdırılır», - deyə məlumatda qeyd olunur.
Tərəflər neft-qaz kompleksi, nəqliyyat-kommunikasiya sektoru, logistika, ticarət-iqtisadi, sənaye, mədəni-humanitar sahələr kimi müxtəlif istiqamətlərdə tərəfdaşlığın aktivləşdirilməsi və dinamik inkişafı ilə bağlı bir çox məsələləri müzakirə ediblər.
«Türkmənistan və Azərbaycan güclü resurs, iqtisadi və nəqliyyat-kommunikasiya potensialına malikdir. Bu potensialın reallaşdırılması hər iki tərəfin maraqlarına və regional və qlobal nöqteyi-nəzərdən dayanıqlı inkişaf məqsədlərinə cavab verir. Bu baxımdan yanacaq-energetika və nəqliyyat kimi strateji sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə mövzusu olub”, - deyə agentlik bildirir.*
F.İsazadə