Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın IX iclasının yekunları üzrə protokol imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi iməlumata görə, sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu imzalayıb.
S.Müslümov qeyd edib ki, sənəddə təcrübə mübadiləsinin aparılması, əmək bazarının tənzimlənməsi sahəsində Türkiyənin təcrübəsinin öyrənilməsi, əmək fəaliyyətinin aktivləşdirilməsi, müvafiq şəraitin yaradılması və hər iki ölkənin vətəndaşlarına əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsi məsələləri öz əksini tapıb.
Bundan başqa, Azərbaycan qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid, əmək müfəttişlərinin fəaliyyətinin gücləndirilməsi, iş yerlərində təhlükəsizlik və əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsini öyrənmək niyyətindədir.
O əlavə edib ki, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyasının növbəti iclası 2019-cu ildə Ankarada keçiriləcək.*
B.Rüstəmbəyov