İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 5-7 fevral tarixlərində Çinə səfər edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
«İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 5-7 fevral tarixilərndə Çin Xalq Respublikasına səfər edəcək. Azərbaycan nümayəndə heyəti "Kəmər və Yol" layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu" mövzusunda beynəlxalq konfransda iştirak edəcək», - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində nazir Ş.Mustafayev Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini - Çinin beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək.
"Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olacaq. Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes forumlar təşkil olunacaq. Fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək", - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov