Səhiyyə Nazirliyi fevralın 12-dən əhalinin tibbi müayinələrdən keçirilməsini təşkil edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncam imzalayıb.
“Sərəncama əsasən, 2018-ci il fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır”, - deyə məlumatda bildirilir.
Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır.*
N.Abbasova