Gömrük orqanları 1,6 kq-dan artıq heroinin Azərbaycana gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Biləsuvar Gömrük İdarəsinin əməkdaşları İrandan gələn Azərbaycan vətəndaşı Bilal Hüseyinovun əl yükündən 1,635 qramheroin aşkar ediblər”, - məlumatda deyilir.
Bundan əlavə, həmçinin B.Hüseynov 3,506 qram psixotrop maddə - metamfetamin, 1 bükümdə isə xalis çəkisi3,214 qramtiryək keçirmək istəyib.
Narkotik vasitələrin yuyucu toz, çay və xama qutularında gizlədildiyi qeyd olunur.
“B.Hüseyinov aşkara çıxarılan həmin maddələrin yuyucu toz, çay və xamaların içərisində yerləşdirilməsindən xəbərsiz olduğunu, həmin malları ona İranda bir vətəndaşının verdiyini, gömrük sərhədini keçdikdən sonra bir nəfərin ona yaxınlaşaraq qəbul edəcəyini və bunun müqabilində pul verəcəyini bildirib”, - məlumatda bildirilir.
B.Hüseyinovdan aşkar edilən psixotrop maddə və narkotik vasitələri qəbul edəcək şəxsi və onunla cinayət əlaqəsində olan digərlərini müəyyənləşdirmək üçün zəruri əməliyyat tədbirləri həyata keçirilib.
“Əməliyyat qrupunun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Elyas Abbasov psixotrop maddə və narkotik vasitələri qəbul edərkən saxlanılıb”, - məlumatda vurğulanır.
F.İsazadə