Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq”, - E.Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirib.
O həmçinin qeyd edib ki, 2017-ci ildə inflyasiya gözləntiləri stabilləşib. E.Rüstəmovun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olub.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycan hökuməti orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib. **
N.Abbasova