Elçin Həbibov "Azərbaycan Kredit Bürosu" MMC-nin baş direktoru təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
"Azərbaycan Kredit Bürosu"na baş direktor Elçin Həbibov təyin edilib. Hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır”, - deyə məlumatda bildirilir.
Həmçinin Büro ilə kredit təşkilatları arasında müqavilələr imzalanır.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında Azərbaycanın 8 bankının - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan”ın təşəbbüsü ilə “Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlayıb.
Cəmiyyətin Müşahidə Şurasının rəhbəri ABB İdarə Heyətinin sədri Xalid Əhədovdur.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.*
A.Əzizov