Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə fiziki şəxslərin milli valyutada əmanət və kreditləri üzrə orta faiz dərəcələrinin artdığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2017-ci il dekabrın 31-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2016-cı ilin yekunları üzrə 12,05%-ə qarşı 13,2% təşkil edib.
Ötən ilin sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,76% təşkil edib, 2016-cı ilin sonuna bu göstərici 8,6%-ə bərabər olub.
Bununla yanaşı, 2018-ci ilin əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,91% (2016-cı ilin sonuna 8,55%), xarici valyutada 6,84% (5,59%) təşkil edib.
2017-ci ilin sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,31% (15,71%), xarici valyutada 16,47% (16,04%) təşkil edib.
AMB-nin məlumatına görə, xarici valyutada cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması tendensiyası qalıb, milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcələrində isə artım müşahidə olunub.
Xüsusilə 2017-ci ilin sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 10,72% (6,5%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 3% (4,66%) təşkil edib.
2017-ci ilin sonuna hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,82% (3,91%), xarici valyutada 1,41% (3,34%) təşkil edib.
Ötən ilin sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 11,59% (10,31%), xarici valyutada 3,66% (5,44%) təşkil edib.*
A.Əzizov