Azərbaycanda növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında bu gün müvafiq sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycanda prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ötən həftə bildirib ki, YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir.
2016-cı ilin payızında Azərbaycan Respublikasının Konstitusiyasında edilən dəyişikliklərə əsasən, ölkə prezidenti 7 il müddətinə seçiləcək.*
A.Əzizov