11 aprel tarixi Azərbaycanda növbədənkənar prezident seçkiləri günü qeyri-iş günü olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“Prezident İlham Əliyev aprelin 11-nə növbədənkənar prezident seçkilərini təyin edib. Əmək Məcəlləsinə əsasən, prezident seçkilərinin keçiriləcəyi gün qeyri-iş günü hesab olunur”, - nazirliyin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanda prezident seçkiləri 2018-ci iklin oktyabr ayında keçirilməli idi. Lakin, bazar ertəsi İ.Əliyev 11 aprel 2018-ci il tarixində Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair sərəncam imzalayıb.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov ötən həftə bildirib ki, YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir.
İ.Əliyev 2003-cü ildən aetibarən Azərbaycana rəhbərlik edir. O, 2008 və 2013-cü illərdə dövlət başçısı postuna təkrar seçilib.
2016-cı ilin payızında Azərbaycan Respublikasının Konstitusiyasında edilən dəyişikliklərə əsasən, ölkə prezidenti 7 il müddətinə seçiləcək.**
A.Əzizov