Azərbaycanda 11 aprel 2018-ci il tarixində növbədənkənar prezident seçkilərinin təyin olunması ölkədə çoxlu sayda beynəlxalq və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirlərin keçirilməsi ilə əlaqədardır. Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Azərbaycanda 2018-ci il oktyabrın 17-də prezident seçkilərinin keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri (28 may tarixində - İF), Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Bu səbəbdən yuxarıda qeyd olunan qərar qəbul olunub" - Ə.Həsənovun bazar ertəsi yayılan bəyanatında vurğulanır.
Ə.Həsənovun sözlərinə görə, prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib.
Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur", - Ə.Həsənov qeyd edib.
Bundan əlavə, o vurğulayıb ki, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur. Ə.Həsənovun sözlərinə görə, bu həmçinin sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.**
F.İsazadə