Nazirlər Kabineti “Avropa İttifaqı ölkələrinə qida məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydaları”na dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən Aİ ölkələrinə qida məhsullarının ixracı zamanı keyfiyyət sertifikatları artıq Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən veriləcək. Əvvəllər bu funksiyanı İqtisadiyyat Nazirliyi yerinə yetirirdi.
Bundan başqa, Nazirlər Kabineti “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən əvvəllər İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən bu funksiyanın icrası QTA-ya həvalə edilib.
“Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”na edilən dəyişikliklərə görə, Qida Təhlükəsizliyi Agentliyinə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək vəzifəsi verilib.*
A.Əzizov