Ədliyyə naziri Fikrət Məmmədov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera Azərbaycan hökuməti və BQXK arasında imzalanmış sazişin müddətinin uzadılmasına dair protokol imzalayıblar.
“İmzalanma mərasimində F.Məmmədov Azərbaycan hökuməti və BQXK arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib. Tərəflər sazişin qüvvəsinin uzadılmasının qarşılıqlı fəaliyyətə əlavə təkan verdiyi vurğulayıblar”, - “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən bildiriblər.
2000-ci ildə Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında imzalanmış sazişə əsasən Komitə nümayəndələri mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir, bu sahədə işin təkmilləşdirilməsinə töhfələr verirlər.
“Həmin saziş məhkumlar və təqsirləndirilən şəxslərin hüquqlarının təminatına, işgəncələrə və pis rəftarın digər hallarının qarşısının alınmasına xidmət edir”, - nazirlikdən qeyd ediblər. **
F.İsazadə