"SOCAR Polymer" şirkəti 2018-ci ildə 20-24 min ton yüksək sıxlıqlı polietilen istehsal etməyi planlaşdırır. Bunu şirkətin Planlama şöbəsinin müdiri Vüqar Aslanov bu gün yerli xammaldan istifadə etməklə sənayedə idxalı əvəzləyən istehsalın genişləndirilməsinə həsr olunmuş konfransda deyib.
«Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen istehsalı üzrə yeni zavodu 2018-ci ilin III rübündə, sentyabrda işə salıncaq. Bu il həmin müəssisədə 20-24 min ton məhsul istehsal olunacaq. Gələn il zavod tam gücü ilə fəaliyyətə başladıqda isə illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsalı nəzərdə tutulur», - deyə şöbə müdiri qeyd edib.
Onun sözlərinə görə, yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin ümumilikdə 87%-i icra olunub, detallı mühəndislik işləri, satınalma 99,7%, tikinti 70,3% tamamlanıb”, - deyə o əlavə edib.
V.Aslanov əlavə edib ki, Etilen-Polietilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsi ilə əlaqədar oktyabr ayından noyabrın 15-dək YSPE zavodunda da planlı dayanma olacaq.*
N.Abbasova