Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsi cari ilin may ayında başa çatacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi uğurla gedir və birinci faza may ayında yekunlaşacaq. 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaqdır. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq”, - Ş.Mustafayev Pekində "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Ş.Mustafayev qeyd edib ki, yaradılmış bu infrastruktur regiona, habelə Ələtdə regional haba çevriləcək Azad Ticarət Zonasının təsis edilməsi iqtisadi səmərə ilə yanaşı, sülhün və sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın sürətlənməsinə xidmət edir, həm bölgə, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edir və məhz İpək Yolu dəhlizi ilə üst-üstə düşürək "Kəmər və Yol" strategiyasına töhfə verir.
Öz növbəsində Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Van Şoven qeyd edib ki, 2017-ciilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi qədim İpək Yolunun Qafqaz hissəsinə yeni həyat bəxş edib.
O həmçinin məlumat verib ki, bu ilin yanvarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çin-Avropa qatarı Urumçidən Avropaya yola düşüb. **
B.Rüstəmbəyov