“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsinin ilkin texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
«Xarici məsləhətçilərin iştirakı ilə Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının ilkin variantı hazırlanıb. Layihə Şirvan zonasında həyata keçiriləcək və 10 rayonu əhatə edən 125 min ha əkin sahəsinin su təchizatını yaxşılaşdıracaq, eləcə də 106 min ha yeni əkin sahəsinin suvarılmasının təşkilinə imkan verəcək», - deyə məlumatda bildirilir.
Layihənin həyata keçirilməsi bu regionun ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edəcək və Hacıqabul gölündə yaranmış ekoloji vəziyyətlə bağlı təhlükənin qarşısını alacaq.
«Hazırda beynəlxalq məsləhətçilərlə birgə layihə üzrə tender sənədləri və işçi plan hazırlanır», - deyə məlumatda qeyd olunur.*
N.Abbasova