Bakı və Berlin arasında yüksək səviyyəli dialoq Azərbaycan-Almaniya münasibətlərinin inkişafına töhfə verir. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov belə hesab edir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“X.Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb.
“Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğunu vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.
Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.*
F.İsazadə