Bəhreyn Krallığının “Gulf Airline” şirkəti cari ilin yay ayılarında Bəhreyn-Bakı birbaşa aviareyslərin açılmasını planlaşdırır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilir.
Çərşənbə axşamı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bəhreyn Krallığının sənaye, ticarət və turizm naziri və “Gulf Airline” şirkətinin rəhbəri Zayed bin Raşid Al Zayani ilə danışıqlar aparıb.
Görüş cari ilin 5-7 fevral tarixində Banqladeşdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransı çərçivəsində baş tutub.
“Görüşdə iki ölkə arasında turizm üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycan tərəfinin irəli sürdüyü təklifə əsasən cari ilin yay ayılarında Bəhreyndən Bakıya birbaşa aviareyslərin açılacağı bildirildi”, - məlumatda deyilir.
Azərbaycanın rəsmi şəxsləri 2017-ci ilin 11-12 dekabr tarixində Oman Sultanlığının paytaxtı Maskat şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən ll Ümumdünya Turizm və Mədəniyyət Konfransı çərçivəsində Bakı ilə Bəhreyn arasında birbaşa aviareyslərin açılması təklifi ilə çıxış ediblər. **
N.Abbasova