Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) elektrik stansiyalarının özəlləşdirilməsinə dair təkliflər paketini hökumətə təqdim etməyi planlaşdırır.
“ƏMDK prioritet sektorlarda özəlləşmə prosesinin sürətlənməsi istiqamətində mühüm işlər görür, bir çox yeni layihələr reallaşdırır. Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir. Bu məqsədlə Energetika və İqtisadiyyat nazirlikləri, habelə “Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu yaradılıb”, - deyə komitənin məlumatında bildirilir.
Qeyd olunur ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.
İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda, stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir.
Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.
“Kommunal xidmətlər sahəsində özəlləşdirmə, idarəetməyə vermə və dövlət-özəl tərəfdaşlığı modelləri ilə özəl sektorun payının artırılması bu sahədə səmərəliliyin və xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verəcək. Rəqabət qabiliyyətli mühitin formalaşdırılması isə dövlətin büdcə yükünün azaldılmasına, xərclərin minimuma endirilməsinə şərait yaradacaq”, - deyə məlumatda bildirilir.*
A.Əzizov