Rəsmi Bakı İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri seqreqasiyanın dəstəklənməsi kimi qiymətləndirir. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Dominik De Bumanın Yerevanda səsləndirdiyi fikirlər seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər”, - deyə H.Hacıyevin bəyanatında bildirilir.
O qeyd edib ki, Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir.
XİN rəsmisi xatırladıb ki, Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.
“Bu səfərlə və indi Yerevandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq Azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir”, - deyə H.Hacıyev vurğulayıb.
İsveçrə Milli Şurasının sədri fevralın 6-da Yerevanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli BMT konvensiyalarına və millətlərin öz müqəddəratını təyin etmək hüququna əsaslanan danışıqlar əsasında təqdim edilməlidir.*
F.İsazadə