Rusiya və Azərbaycanın ümumi tarixi və ümumi gələcəyi var. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Rusiya və Azərbaycanın tarixi uzun əsrlər boyunca bir-biri ilə qırılmaz şəkildə əlaqəlidir. Biz ümumi tarixi və ümumi gələcəyi olan ölkələrik", - deyə V.Volodin bu gün Dövlət Dumasında Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun iştirakı ilə Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərginin açılışı zamanı bildirib.
V.Volodin sərginin Rusiya parlamentində keçirilməsi təşəbbüsünə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O vurğulayıb ki, hər iki ölkənin xalqları arasında dostluq möhkəmlənir və inkişaf edir. Parlamentlər bu münasibətlərin inkişafına töhfə verməlidir.
O.Əsədov isə xatırladıb ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü çərçivəsində 200-dən çox ikitərəfli sənəd imzalanıb. "Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə inkişaf edəcək", - deyə o əlavə edib.*