Hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
“Prezident İ.Əliyev qurultayda çıxış edərək partiyanın həyata keçirdiyi işlərdən, onun cəmiyyətdə rolundan danışıb", - deyə rəsmi mətbuatda bildirilir.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci il oktyabr ayının 17-də keçirilməli idi.
Fevralın 5-də dövlət başçısı 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qrafikə əsasən, prezidentliyə namizədlərin qeydiyyata alınması üçün lazımi sənədlərin təqdim edilməsi prosesinə fevralın 20-də start veriləcək. Bu proses martın 12-də başa çatacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi isə martın 7-dək davam edəcək.
Namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayacaq, aprelin 10-da dayandırılacaq.*
F.İsazadə