Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyədə “STAR” neft emalı zavodunun (NEZ) tikinti layihəsinə respublikanın payının maliyyələşdirilməsinə $1 mlrd. 392,8 mln. manat vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“İndiyədək ARDNF-in büdcəsindən layihənin maliyyələşdirilməsinə $1 mlrd. 392,8 mln. manat, həmçinin 2017-ci ildə $432,6 mln. məbləğində vəsait ayrılıb”, - ARDNF-dən bildirilib.
Fondun məlumatına görə, layihə $5,6 mlrd. həcmində qiymətləndirilir.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb.
2018-ci ildə istismara verilməsi planlaşdırılan NEZ-in illik gücü 10 mln. ton neft təşkil edəcək. Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
“SOCAR Turkey Enerji” şirkəti “Petkim” neft-kimya kompleksinin nəzarət səhm paketinin (51%) sahibidir. Şirkət, həmçinin Türkiyədə yeni neft emalı zavodu, konteyner terminalının tikintisi və ölkənin daxili bazarına qaz tədarükü ilə məşğuldur. **
N.Abbasova