Azərbaycan ictimaiyyəti hökumətin siyasətini dəstəkləyir. Bunu prezident İlham Əliyev deyib.
«Bizim son illər apardığımız daxili siyasət özünü tam doğrultdu. Azərbaycanda hər bir inkişafın əsas şərti olan sabitlik mövcuddur», - deyə o, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində çox ciddi, narahatedici proseslər gedir.
“Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident hesab edir ki, sabitlik yalnız düzgün siyasətlə təmin edilməlidir. Bu siyasətin mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır.
“Biz məhz bu siyasəti aparırıq”, - deyə o qeyd edib.
Prezident İ.Əliyev deyib ki, hökumətin siyasəti ictimaiyyət tərəfindən dəstəklənir və real nəticələrə gətirib çıxarır.*
F.İsazadə