Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov respublikada növbədənkənar prezident seçkilərinin keçiriləcəyi dövrdə sosial şəbəkə istifadəçilərinə nəzarət edilməsini vacib hesab edir.
"Prezident seçkiləri – müxtəlif siyasi dairələrin nümayəndələri arasında mübarizənin aparıldığı böyük hadisədir. Bu proses seçkilərə kölgə salan və İnternetin imkanlarından sui-istifadə edən sosial şəbəkə istifadəçilərinin əməlləri ilə pozula bilər . Buna görə seçkilərə qalmış 2 ay ərzində bu sahədə təhlillər aparmalı və arzuolunmaz elementlər təmizlənməlidir", - deyə o, bu gün MSK-nın iclasında bildirib.
Sədrin sözlərinə görə, seçki prosesini poza biləcək istifadəçiləri aşkarlamaq lazımdır. "Onlar məsuliyyətə cəlb olunmalıdırlar”, - deyə M.Pənahov əlavə edib.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci il oktyabr ayının 17-də keçirilməli idi.
Fevralın 5-də dövlət başçısı 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qrafikə əsasən, prezidentliyə namizədlərin qeydiyyata alınması üçün lazımi sənədlərin təqdim edilməsi prosesinə fevralın 20-də start veriləcək. Bu proses martın 12-də başa çatacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi isə martın 7-dək davam edəcək.
Namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayacaq, aprelin 10-da dayandırılacaq.*