Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2017-ci ildə Azərbaycanın dövlət və özəl sektorlarında layihələrin reallaşdırılmasına 456 mln. avro kredit ayırıb.
"2017-ci ildə AYİB Azərbaycanın dövlət və özəl sektorlarında 9 layihənin reallaşdırılmasına 456 mln. avro məbləğində kredit ayırıb", - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
2016-cı ildə bank respublikada 9 layihənin maliyyələşdirilməsinə 63 mln. avro kredit ayırıb. Beləliklə, 2017-ci ildə kreditləşmənin həcmi 7,2 dəfə artıb.
2017-ci ildə kreditləşmənin həcminin artması AYİB tərəfindən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin maliyyələşdirilməsinə $500 mln. məbləğində kreditin ayrılması ilə şərtlənib.
31 dekabr 2017-ci il tarixinə bankın Azərbaycanda 50 layihə üzrə cari portfeli 1 mlrd. 176 mln. avro məbləğində qiymətləndirilir. Bu vəsaitlərin 61%-i energetika, 29%-i infrastruktur, 6%-i maliyyə, 4%-i istehsala yönəldilib.*
A.Əzizov