Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinə $642,3 mln. yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“BTQ layihəsinin maliyyələşdirilməsi üçün ARDNF-in vəsaitlərindən bu məbləğ müvafiq qurumlara layihənin reallaşdırılmağa başlandığı dövrdən 2017-ci il dekabrın 31-nə qədər ayrılıb. Bununla belə, 2017-ci ildə bu məqsədlər üçün fondun vəsaitlərindən $12,1 mln. yönəldilib, bunun $2 mln.-u IV ründə ayrılıb”, - Fonddan bildirilir.
2017-ci ildə ARDNF tərəfindən bu layihənin maliyyələşdirilməsinə 165 mln. 825 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
2018-ci ildə bu məqsədlərə ARDNF-in büdcəsindən 176,128 mln. manatın ayrılması planlaşdırılır.
Bu vəsaitlər Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış saziş əsasında Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə sərhədi - Marabda dəmir yolunun layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması, istismarı və dəmir yolu infrastrukturunun müvafiq obyektləri üçün yaradılmış “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülür.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. **
N.Abbasova