2018-ci ilin yanvar ayında Azərbaycanda 2017-ci ilin dekabr ayına qarşı sıfır səviyyəsində inflyasiya qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar ayında Azərbaycanda inflyasiyanın səviyyəsi sıfır faiz olub. Bununla belə, ərzaq məhsullarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8%ucuzlaşıb”, - Komitədən qeyd ediblər.
Yanvar ayının yekunları üzrə qiymətlərin orta illik artımı 5,5%-dək azalıb (2017-ci ilin dekabr ayının yekunları üzrə qiymətlərin orta illik artımı 12,9% təşkil edib - İF). O cümlədən, ərzaq məhsullarının qiymətləri 6,9%, qeyri-ərzaq mallarının qiymətləri 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9% bahalaşıb.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib. **
A.Əzizov