Dağlıq Qarabağ münaqişəsinin həlli yolları BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib
«Hər şey qətnamələrdə təsbit olunub», - deyə o, Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə mətbuat konfransında çıxışı zamanı bildirib.
XİN başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini münaqişənin ciddi çağırış olduğunu deyib. “Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır”, - deyə o qeyd edib.
Ali nümayəndənin sözlərinə görə, Aİ tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətindəki razılaşmaları yerinə yetirməsini gözləyir. Status-kvo dayanıqlı deyilvə münaqişənin hərbi yolla həlli yoxdur.
F.Mogerini vurğulayıb ki, münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Aİ ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir.*
F.İsazadə