Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
“İ.Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına təqdim edilib”, - “İnterfaks-Azərbaycan” agentliyinə hakim Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci il oktyabr ayının 17-də keçirilməli idi.
Fevralın 5-də dövlət başçısı 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qrafikə əsasən, prezidentliyə namizədlərin qeydiyyata alınması üçün lazımi sənədlərin təqdim edilməsi prosesinə fevralın 20-də start veriləcək. Bu proses martın 12-də başa çatacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi isə martın 7-dək davam edəcək.
Namizədlərin seçkiqabağı təşviqat prosesi martın 19-da başlayacaq, aprelin 10-da dayandırılacaq.**
F.İsazadə