Bakı Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçilərinin Avropa İttifaqı (Aİ) ölkələrinə səfərlər etməsindən narahatdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
«Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Aİ ölkələrinə səfərləri narahatlıq doğurur», - deyə o, Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışı zamanı bildirib.
Nazir hesab edir ki, bu qəbildən olan səfərlər Avropa İttifaqı ilə Ermənistan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin və Şengen viza rejiminin pozulması ilə müşayiət olunur.
“Bununla bərabər, Avropa İttifaqının üzv dövlətlərində olan hüquqi və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri ciddi narahatlıq doğuran başqa bir məsələdir", - deyə E.Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə cidditəhdiddir.
“Status-kvonun dəyişdirilməsi və münaqişənin danışıqlar yolu ilə tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır”, - deyə E.Məmmədyarov vurğulayıb.
O əlavə edib ki, Bakı beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə əlaqədar mövqeyini dəstəkləyir.*
F.İsazadə