Azərbaycan Xcarici İşlər Nazirliyi Rusiyanın Moskva vilayətində An-148 təyyarəsinin qəzaya uğraması zamanı azərbaycanlının həlak olması faktını təsdiq edib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilir.
“Azərbaycan XİN bizim vətəndaşın həlak olması faktını təsdiq edib”, - “İnterfaks”a diplomatik missiyadan bildiriblər.
Fevralın 11-də Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 71 nəfərolub. Qəza nəticəsində sağ qalan yoxdur.
Öncə Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Moskva vilayətində qəzaya uğrayan "AN-148" tipli təyyarəsinin sərnişinləri arasında iki xarici dövlətin vətəndaşları olub. Rusiya Federasiyası Orenburq vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin saytında Moskva-Orsk marşrutu 6W703 reysi ilə uçan AN-148 tipli sərnişin təyyarəsinin sərnişinləri və ekipajının üzvlərinin adları dərc olunub.
Xüsusilə, Klaeui Ulrich (İsveçrə Konfederasiyası) və Namiq Qəhrəmanovun (1971-ci il təvəllüd, Azərbaycan Respublikası) adları qeyd edilib.
Dövlət başçısının saytında dərc olunan məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Moskva ətrafında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. **