Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 12-dən uçot dərəcəsini 15%-dən 13%-dək azaldıb. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
"Azərbaycanda orta illik inflyasiya birrəqəmli səviyyəyə enib. Bu və bir sıra digər amilləri nəzərə alaraq AMB-nin İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-dək endirilməsinə dair qərar qəbul edib”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 10%-dən 8%-ə, yuxarı həddi isə 18%-dən 16%-ə endirilib.
E.Rüstəmov uçot dərəcəsinin bundan sonra da azaldılması potensialının olduğunu qeyd edib. "Bu, inflyasiyanın aşağı səviyyədə saxlanması, xarici ticarətin pozitiv dinamikası kimi müsbət tendensiyaların davam edəcəyi halda mümkündür”, - deyə o əlavə edib.
İdarə Heyətinin sədrinin sözlərinə görə, AMB uçot dərəcəsini müsbət zonada saxlamağa çalışacaq. "Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək", - deyə E.Rüstəmov bildirib.*
N.Abbasova