Azərbaycan Mərkəzi Bankı manatın tənzimlənən az dəyişkən məzənnəsinə istiqamətlənib. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Manatın sabit məzənnəsi keçmişdə qalıb və neftin yüksək qiyməti ilə əlaqədar olub. Buna qayıdış olmayacaq, çünki bu siyasət düzgün olmayıb. Məqsədimiz manatın tənzimlənən az dəyişkən məzənnəsini təmin etməkdir”, - E.Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, manatın dəyişkənliyi elə səviyyədə olmalıdır ki, “Azərbaycana gəklən investorlar uzunmüddətli planlar qura bilsinlər və mümkün gəlirlərini hesablasınlar”.
E.Rüstəmov əlavə edib ki, manatın tam üzən məzənnəsinə keçid mərhələli şəkildə həyata keçirilməlidir.
Xəbər verildiyi kimi, 2017-ci ildə manat dollara nisbətən 2015-2016-cı illərdə 2 dəfədən artıq ucuzlaşandan sonra 4% möhkəmlənib.
“Azərbaycanda makroiqtisadi sabitliyin təminatı, xüsusilə iqtisadiyyatın strukturu nəzərə alınmaqla, ölkənin xarici şoklara dayanlıqlığının təmin edilməsi yalnız üzən məzənnə şəraitində mümkündür. Lakin tam üzən məzənnəyə keçid üçün bir neçə meyarlar var. Onlardan vacibi dövlət hesabına həyata keçirilən valyuta transfertləridir”, - E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan valyuta təkliflərinin həcmi “çox dayanıqlı” olmalıdır. Bu cür dayanıqlığın təminatı yalnız yeni büdcə qaydalarının qəbulu ilə mümkündür. “Həmin qaydalar Maliyyə Nazirliyi tərərfindən hazırlanıb, AMB və ARDNF ilə razılaşdırılıb və artıq Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq olunub. Biz, ölkənin yeni büdcə qaydalarına keçidə hazlr olduğu bir prosesin astanasındayıq. Yeni büdcə qaydaları bazarda valyuta təkliflərinin həcmini uzunmüddətli dövr üçün stabilləşdirir və onları proqnozlaşdırılan edəcək. Bu, bütövlükdə, makroiqtisadi, fiskal və monetar çərçivələri yeni səviyyəyə qaldırır”, - E.Rüstəmov əlavə edib.**
N.Abbasova