“Moody`s” beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycanda ÜDM-nin 1,5% artacağını proqnozlaşdırır.
"Hazırda neftin qiymətinin yüksək olması (1 barel $65-70) Azərbaycanda iqtisadi artıma və maliyyə gəlirlərinin artmasına kömək edəcək. Biz bu il respublikada ÜDM-nin 1,5% artacağını proqnozlaşdırırıq, 2014-2017-ci illərdə isə orta illik artım 0,2% təşkil edib", - deyə agentliyin respublikanın iqtisadi perspektivləri ilə bağlı şərhlərində bildirilir.
“Moody`s”in qiymətləndirmələrinə görə, sərt fiskal və pul-kredit siyasətinin iqtisadiyyata və dövlət vəsaitlərinə təsiri davam edir. "Bank sektoru zəif olaraq qalır, kredit qoyuluşları azalır, bank sistemində dollarlaşmanın səviyyəsi isə yüksəkdir", - deyə agentlik vurğulayır.
“Moody`s”in analitikləri hesab edirlər ki, neftin qiymətinin yüksək olması 2018-ci ildə dövlət büdcəsinin ÜDM-nin 1%-i səviyyəsində profisitini təmin edəcək, 2015-2017-ci illərdə isə büdcə kəsirlə icra olunmuşdu.
2018-ci ilin yekunları üzrə Azərbaycanın dövlət borcu (zəmanətlər daxil olmaqla) ÜDM-nin 53%-ə qədərini təşkil edəcək ki, bu da 2014-cü ilin göstəricisindən 3 dəfə çoxdur. Borcun artması Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturlaşdırılması, dövlət zəmanətləri, o cümlədən 2015-ci ildə manatın devalvasiyası ilə şərtlənib.
Agentlik Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti çərçivəsində turizm, nəqliyyat və logistika sahələrində irəliləyişin olduğunu qeyd edir.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin 1,5% artacağını proqnozlaşdırır.*
A.Əzizov