Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara aid maddi-mədəni və dini irsi məhv edir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Bazar ertəsi E.Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqeri qəbul edib.
“E.Məmmədyarov P.R.Qalaqerə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib”, - XİN-in məlumatında deyilir.
Azərbaycanlı nazir həmçinin həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, rəsmi Bakının mövqeyi barədə məlumat verdi.
E.Məmmədyarov habelə Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunub.
“İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”, - nazir bildirib.
Həmsöhbətlər bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərindən narahatlıq ifadə ediliblər. **
F.İsazadə